Mənə təkcə səni xatırladacaq...
RÖYAMA QONAQ GƏL . . .
Bu gecə röyama qonaq gəl, gülüm,
Məni sevib - oxşa, al ağuşuna.
Bu gecə röyama qonaq gəl, gülüm,
Həsrətəm səsinə, bir baxışına.
Bu gecə röyama qonaq gəl, gülüm,
Ruhunu ruhumun yanına göndər.
Həyatda nə qədər etsən də zülüm,
Barı röyamı sən nağıla döndər.
Bu gecə röyama qonaq gəl, gülüm,
Həsrət bir gecəlik bitsin röyada.
Bizdən uzaq olsun ayrılıq, ölüm,
Onları gəl qoyaq oyaq dünyada.
Bu gecə röyama qonaq gəl, gülüm,
Sənsiz röyalarım tutqun, qarışıq.
Bu gecə röyama qonaq gəl, gülüm,
Biz ki röyalarda ayrılmamışıq.
Bu gecə röyama qonaq gəl, gülüm,
Daha sənsizliyə dayanmaram mən.
Bu gecə röyama qonaq gəl, gülüm,
Gəlsən, söz verirəm: oyanmaram mən...
Q Ə Z Ə L
Gözlərim yollarda qalmış, nazlı afət, hardasan?
Könlümü həsrət-qəm almış, yoxdu taqət, hardasan?
Bir günün mənası yox, durmuş zaman, bitmir gecəm,
Gəl ki bu solmuş üzüm gülsün nəhayət, hardasan?
Şəhərlər gəzdim, dolaşdım, tapmadım lakin səni,
Batdı gün, qəsb etdi qəlb dünyamı zülmət, hardasan?
Yad məkan, könlüm viran, dostlar da yad olmuş mənə,
Can alır canımdan hicran, bir də qürbət, hardasan?
Sevginin çoxdur bəlası, əsl aşiq dözsün gərək,
Elə hey mən çəkmişəm sevdada zillət, hardasan?
Sağalmaz mərəz çökmüş, artıq ruhum tapmaz şəfa,
Az qalır bitsin təbib qoyduğu möhlət, hardasan?
Ya xəbər göndər, ya gəl, bəsdir bu verdiyin cəza,
Yoxmu heç qəlbində bir cüzi məhəbbət, hardasan?
Şerlər, qəzəllər hayqırıb səs saldılar ərzə,
Duymadın sən onları, heyrət, min heyrət! hardasan?
Keçmiş aylar, ötmüş illər, Əli sevmiş tək səni,
Ellər onun eşqinə qoşmuş rəvayət, hardasan
Q Ə Z Ə L
Unutdun əhdi-peymanı, sözün cıxdı yalan, dilbər,
Uçub getdin, edib könül gülzarımı talan, dilbər.
O gözlər ayrı gözlərdi, o sözlər ayrı sözlərdi,
O gözlər kimi gözlər de, məni dərdə salan dilbər?
Sanırdım dürri-gövhərsən, səma-eşqimdə ülkərsən,
Fəqət birdən qəfildən sən dönüb oldun ilan, dilbər.
Düşüb atəş, yanır könlüm, içindən odlanır könlüm,
Səni düşmən sanır könlüm, canımdan can alan dilbər.
Əlini tərk edib atdın, düşünmə arzuna çatdın,
Əzildin, məhv olub batdın, çirkaba qərq olan dilbər.
U N U T M A R A M
Unutmaram, axı unutmaq olmur,
Yaralı ürəyi ovutmaq olmur.
İçimdə elə həkk olunub adın,
Dilimdə özgə bi ad tutmaq olmur.
Sən yanan qəlbimin sönməz közüsən,
Şeirimin, nəğməmin qəmli sözüsən.
Necə təsvir edim səni, bilmirəm,
Sən ölməz ruhumun elə özüsən.
Nə qədər incitdin, hey çəkdim zülüm,
Soldu ömrüm, amma solmadı gülüm.
İllər ötüb-keçdi, anladım ki, mən
Səni unutdurar tək bircə ölüm...